Azərbaycan torpaqlarında zəngin və özünəməxsus bir mədəniyyət, o cümlədən dövlətçilik ənənələri yaratmışdır.
Bakı şəhərinin nə vaxt yaranmasının hələ də dəqiq məlum olmadığına baxmayaraq, qədim tarixə malik olması şübhəsizdir.
Gəncənin Tarixi
Qədim türk tayfalarından olan Gəncəklərin adından götürülmüş Gəncə şəhəri tarixin müxtəlif mərhələlərində paytaxt statusunu qoruyaraq Azərbaycanın qədim dövlətçilik və müstəqillik ənənələrinin qorunmasında mühüm əhəmiyyət kəsb etmiş, VII əsrdə xilafətin baş əyalət şəhəri, X əsrdə Arranın və Şəddadilərin paytaxtı, XI əsrdə Səlcuq, XII-XIII əsrlərdə Atabəylər dövlətinin iqamətgahlarından olmuşdur.
Görkəmli nizamişünas və şərqşünas alim Bertelsin apardığı elmi-tədqiqatlara görə 1139-cu ildə Gəncədə baş vermiş dəhşətli zəlzələdə 300 min əhali məhv olunmuşdur. Nizami Gəncəvi, Əbül-Üla Gəncəvi ( XI), Məhsəti Gəncəvi (XII), Siti Gəncəvi (XII), Rəziyə Gəncəvi (XII), Doxtəri Siti Gəncəvi (XII), Ömər Gənci (XII), Əbubəkr Gəncəvi (XII), Əbu Həfs Gəncəvi (XII), Mirzə Şəfi kimi filosoflar, şairlər Gəncə şəhərinin elmi-mədəni mühitində yaşayıb yaratmışdırlar. Nizami Gəncəvi doğma şəhərini 5 minillik mədəniyyətə malik olan Babilistanla müqaisə edərək “Mənim Babilim” deyə tərənnüm etmişdir. Qədim tarixi və arxeoloji mənbələrdə Gəncə şəhərinin əsasının görkəmli türk sərkərdəsi və dövlət xadimi Əfrasiyab tərəfindən Gəncə çayının yarandıığı vadidə salındığı qeyd olunur. Gəncə bu ərazidə yüksək inkişaf edərək, çay boyunca Quzey istiqamətində liman şəhərinə çevrilmişdir. (Avesta “Coğrafi traktat” s 95) Eramızın III əsrində yaşamış Roma müəllifi Yuliy Solin də Gəncənin xüsusi ilə Kür çayı vasitəsi ilə Hindistanla bağlayan yolların olmasını təsdiqləmişdir. (Yuli Solin. Tarix. s.145) Eramızın I əsrində yaşamış Plini, Pompeyin yürüşü zamanı Hindistandan Baktriyaya, Oks çayına tökülən Baxtr çayına gəlib çıxmaq, bu çaydan Kaspi dənizi ilə Kür çayınacan getməyin və hind mallarının beş gündən gec olmayaraq quru yolla Pontdakı Fasisə çatdırılmasını təstiq etmişdir. Alban tarixçisi Musa Kalankaytuklu yazırdı: “Gəncədən artıq qədim zamanlardan Azərbaycanı Gürcüstan və Ön Asiya ilə birləşdirən yol keçirdi. Bu zəngin ərazidə təşəkkül tapan möhtəşəm və qədim şəhərlərdən biri də Gəncə idi”. (Musa Kalankaytuklu. Albaniya Tarixi.s. 365) coğrafiyaşünas Strabon yazırdı: «Bir dəfə əkilmiş torpaq iki və ya üç dəfə bar verir, birinci dəfə hətta birə əlliyə, həm də dincə qoyulmadan, dəmir yox kobud ağac xışla becərilərək, bütün düzənlik çaylarla və başqa sularla Babilistan və Misirdəkindən yaxşı suvarılır, bunun nəticəsində isə otlaqlarla doludur. Bundan başqa hava da oradakılardan təmizdir”. Strabon Gəncəni 5 minillik Misir və Babilistan mədəniyyətinin yerləşdiyi ərazi ilə müqaisə edirdi. (Strabon. Seçilmiş əsərləri. s 363) E.ə. 400-cü illərdə episentri indiki Gəncə şəhərindən 25 km. cənubda olmuş dəhşətli zəlzələdən sonra şəhər təmamilə dağılmış və bu gün də yerli əhali tərəfindən Qala Yeri adlandırılmaqdadır. Bu ərazidə meşənin içərisində böyük bir sahəni əhatə edən şəhər qalıqları mövcuddur. Fars şahı Keyxosrovla Əfrasiyab arasında baş verən müharibə sözü gedən Gəncə Qalasının ətrafında baş vermişdir. (İsax Cəfərzadə. Gəncə tarixinə dair. s 24) Yarandığı gündən ən azı 5 dəfə yerini dəyişən Gəncə geosiyasi və strateji cəhətdən əlverişli mövqeydə yerləşdiyindən daimi yadellilərin diqqət mərkəzində olmuş və hərbi basqınlarının fəlakətli dağıntılarına məruz qalmışdır və üzdən maddi tarixi sübutlar dövrlərçə talanmışdır. Zare, Morqan, Virxov, Belk, Resler, İvanovski, Rozendorf, Şults, Skinder, Paritsenmayer, Hümmel qardaşları və İshak Cəfərzadə kimi görkəmli arxeoloqların apardıqları uzun müddətli arxeoloji tədqiqatları Gəncə şəhərinin ən azı 4000 illik tarixə malik olduğunu təsdiqləmişdir. E.Ə III minilliyə aid metal əridilən kürələr, daş və gildən hazırlanmış qəliblər, bir sıra tunc əşyalar, alətlər və silahlar zamanlarına görə əsasən şəhər mədəniyyətinə xas olan metal işləmə sənətinin nümunələri Gəncə Dövlət Diyarşünaslıq Muzeyində saxlanılır. Orta tunc dövrü eramızdan axırıncı rüblərindən başlamış eramızdan əvvəl II minilliyin ortalarına qədər davam etmişdir. Azərbaycanın orta tunc dövrünə aid Gəncə ərazisində Xöşbulaq, Gədəbəy, Gəncəçay kurqanları aşkar edilmişdir. Cənubi Qafqazda Gəncə-Qarabağ mədəniyyəti adı ilə tanınan zəngin arxeoloji mədəniyyətin əsasını Gəncəçay vadisi, o cümlədən Gəncənin ətrafında aşkar olunan arxeoloji tapınıtılar (Zurnabad kurqanında monoxrom boyalı keramika) təşkil edir ( Fərrux Əhmədov. Gəncənin yerdəyişmə tarixi. c 55) Qədim 5000 il tarixi olan Dərbənd-Şirvan-Tiflis karvan yolu üstə olan Qədim Gəncə hər iki istiqamətdə hərəkət edən karvanların dayanacaq yeri olmuşdur. Belk Gəncəbasar da 400-dən artıq abidə qazmış, əldə etdiyi əşyaları Hamburq və Münhen muzeylərinə göndərmişdir. (Altman. Gəncənin tarixi oçerki. s 19) E.Resler 1892-1903-cü illərdə Gəncəçay boyunda tədqiqat işləri apararaq şəhərin 4000 ildən artıq tarixə malik olması ilə bağlı bir çox arxeoloji materiallar üzə cıxarmış və hal-hazırda Sankt-Peterburq və Moskva muzeylərində saxlanılır. 1903-1914-cü illərdə B.O.Rozendorf Gəncəçay ərazisi boyunca elmi-tədqiqat işləri aparmış, Gəncəçay vadisində Yelenendorf və Çovdar kəndlərində şəhər mədəniyyətini əks etdirən qədim daş qutu qəbirləri açaraq ərazidə 5000 minillik mədəniyyətin mövcudluğunu isbatlayan son dərəcə qiymətli tarixi materiallar üzə çıxarmışdır. «İmperator arxeoloji komissiyasının hesabatları»nda dərc olunmuşdur. 1898-1903-cü illərdə B.Şults, 1905-ci ildə V.A.Skinder, 1908-ci ildə F.Lass, 1910-cu ildə E.P.Paritsenmayer Gəncəçay ərazisi boyunca qazıntı işləri apararaq tapılmış ərazidə 5000 minillik mədəniyyətin mövcudluğunu isbatlayan son dərəcə qiymətli tarixi materialları özləri ilə Almaniyaya aparmışlar ki, onlardan da bəzi nümunələr Berlin muzeyində qorunur. (Tiflis Dövlət Arxivi. Moskva Arxeoloji cəmiyyətinin hesabatı. t. v s. 33). Şəhərin tarixi haqqında danışarkən bu şəhərin sosial-iqtisadi və mədəniyyət mərkəzi olduğunu qeyd etməmək mümkün deyil. Gəncə də ölkəmizin digər şəhərləri (Qəbələ, Naxçıvan, Şəki, Şamaxı) kimi gözəl coğrafi mənzərəyə sahib olan yaşayış məskəni olub tədricən şəhər kimi formalaşmışdır. VII əsrin birinci yarısında Gəncə İranlılar tərəfindən, ikinci yarısında isə Ərəblər tərəfindən dağıdılmışdır. VII əsrin axırlarında isə Gəncə Ərəblərlə Xəzərlərin döyüş meydanına çevrilmişdir. Azərbaycanın ərazisi aramsız olaraq bir birinin ardınca olan hücumlara məruz qalmış və əlbəttə ki, bunun bariz nəticəsi olaraq Gəncə şəhəri də bu basğınlardan ziyan görmüş və dağıntılara məruz qalmışdır. Aran xanlığının mərkəzi olan Bərdədən sonra Gəncə beynəlxalq ticarətdə mühüm rollardan birini oynamış və karvanların tez-tez keçdiyi və qaldığı yerlərdən biri olmuşdur. O zamanlarda pul vahidi olaraq Ərəb dinarları və dirhəmlər istifadə edilirdi. X əsrdən, Bərdənin paytaxt statusunu itirdiyi dövrdən etibarən Gəncə şəhəri ölkənin sosial-iqtisadi və mədəni həyatında vacib rol oynamağa başladı. Şəhərin həyatında ticarət və incəsənət vacib faktorlardan birinə çevrildi. Burda incəsənətin inkişafı üçün hər cür şərait mövcud idi. Dəmir, mis, alüminium və digər mədənlər Gəncə şəhərinin ətrafında fəaliyyət göstərir və yerli sənətkarları xammalla təchiz edirdilər. Gəncə paytaxt olma yolunda xüsusi diqqəti hərbi qüvvəsinin qücləndirilməsinə yönəltmişdi. Həmçinin bu dövrdə qala divarları tikilmiş və onun ətrafında xəndək qazılaraq şəhərin mühafizəsi gücləndirilmişdi. IX-X əsrlərdə Ərəb xəlifətinin zəiflədiyi bir dövrdə Azərbaycanda Şirvanşahlar, Şəddadilər, Salarilər və Rəvvadilər müstəqil feodal dövlətləri yaranmağa başladı. X əsrin ortalarında Gəncə şəhəri Salarılərin hakimiyyəti altında olmuşdur. Daha sonra isə Şəddadilərin paytaxt şəhəri olmuşdur. I Fəzlunun (895-1030) hökmranlığı dövründə Gəncə ən güclü dövrlərini yaşamışdır. Şəddadilər dövründə qala, saraylar, körpülər və karvansaraylar inşa edilmiş və burda pul kəsilməyə başlanmışdır. Şəhəri əhatə edən yeni və daha davamlı qala inşa edildi. 1063-cü ildə dəmirçi İbrahim məşhur Gəncə darvazalarını tikdi. Gəncənin geniş bir mərkəzə çevrildiyi bir dövrdə onun ərazisi də həmçinin böyüyərək genişləndi. Yeni ticari və sənaye zonaları tikilməyə başladı. İpək və ipək məmulatları nəinki yerli, həmçinin xarici alıcıların da rəğbətini qazandı. Gəncə həm də dini mərkəz sayıla bilərdi. Belə ki, Alban katolikosu mərkəzi Bərdədən Gəncəyə köçmüşdü. Qətran Təbrizi o dövrləri belə qələmə almışdı: "İndi Gəncə sanki Cənnəti xatırladır". XI əsrin ortalarında Azərbaycan Səlcuqların işğalına məruz qalmışdı. Təbrizi tutduqdan sonra I Toğrul (1038-1068) 1054- cü ildə qoşunlarını Gəncə istiqamətində hərəkət elətdirdi. Gəncə hakimi Şavir I Toğrulun vassalı olmağa öz razılığını verdi. Şavir I Toğrula bahalı hədiyyə verərək onun şərəfinə xütbə oxutdurdu. Səlcuqların aramsız basqınları XI əsrin ortalarında Şəddadi hökmdarı III Fəzlunu göstərilən müqavimətin yetərsiz olduğunu görərək gec də olsa təslim olmağa qərar verdi və münasib bir şəraiti gözləyərək yenidən hakimiyyətə gəldi. 1086-cı ildə Səlcuq hökmdarı Məlik şah (1072-1092) öz ordu başçısını, Bugayı Gəncəyə göndərdi. Yerli camaatın güclü müqavimətinə baxmayaraq Səlcuqlar şəhərin zəbtinə nail oldular. Döyüşdə Gəncə hökmdarı III Fəzlunu əsir götürdülər və bununla da 100 ildən artıq hakimiyyətdə olan Şəddadilər sülaləsinin hökmranlığına son verildi. Məlik şah Gəncə hakimi kimi öz oğlu olan Qiyas əd-din Taparı təyin etdi. Qiyas əd-din Məhəmməd Tapar (1105-1117) sultan seçildikdən sonra belə Gəncənin Səlcuq hökmdarı olaraq qaldı. XII əsrin birinci yarısında Gəncə bir neçə dəfə Gürcü basqınlarına məruz qalmış, buna cavab olaraq Səlcuq ordusu Gürcüstana güclə soxularaq oraları talan etmişdir. Gəncə Səlcuq Türklərinə məğlub olana, yəni XI əsrə qədər Qafqaz Alban xristianlığının mərkəzi olmuşdur. 1139-cu ildə zəlzələ nəticəsində V əsrdə yaranmış orjinal şəhər dağılmış və XII əsrdə əvvəlkindən bir az şərqdə yenidən tikilmişdir. Əsas karvan yollarının üzərində yerləşməsi bu şəhəri vacib ticarət mərkəzlərindən birinə çevirmiş, lakin 1231-ci ildə Monqol basqınına məruz qalaraq yenidən dağıdılmışdı. XV əsrdə Gəncə Qaraqoyunlu dövlətinin tərkibinə daxil edilmişdir. XVI əsrdə isə şəhər Səfəvilər tərəfindən zəbt edilmişdi. 1606-cı ildən 1804-cü ilədək Rusiya İmperiyasına birləşdiyi dövrə qədər Gəncə İran imperiyasının tərkibində xanlıq mərkəzi olmuşdur. 1826-cı ildə Rus qoşunları İran qüvvələrini məğlubiyyətə düçar edərək onları burdan sıxışdırıb çıxarmışlar. Çoxlu sayda erməni, rus, alman köçkünləri burada yerləşdirilmiş, bununla da Gəncədə sənaye və ticari təkana (inkişafa) səbəb olmuşlar. Gəncə şəhəri qısa bir zaman müddətinə 1918-ci ildə yaradılmış müstəqil Azərbaycanın müvəqqəti paytaxtı olmuşdur. Tarixdəki dəyişikliklər həmçinin şəhərin adına da təsir etmişdir. "Gəncə" toponimi dərmanla əlaqədar olmayıb, kökünü "Gəncək" tayfalarından götürür. Şəhər 1804-cü ildən 1918-ci ilə qədər Çar I Aleksandrın arvadının adıyla (Yelizavetpol) adlandırılıb. Gəncə əvvəlki adını 1935-ci ilədək yenidən bərpa etmiş və 1935-ci ildə Kirovabad adlandırılmışdır. Daha sonra 1989-cu ildə bu ad yenidən qaytarılmış və indiyədək də şəhər Gəncə adını daşıyır.
Paylaş: |
» Kompaniya haqqında » Şirkətin strategiyası » Fəaliyyət istiqaməti » Bizimlə biznes » Tədbirlər |
» Reklam agentliyi » Məşğulluq agentliyi » Turizm agentliyi » Ticarət mərkəzi » Uşaq mərkəzi |
» Azərbaycan tarixi » Bakının tarixi » Gəncənin tarixi » Ziyarətgahlar » Videoçarxlar |
» Təhsil » Xaricdə təhsil » Müsabiqələr » Anonslar » Bizimlə əlaqə |
«GiM» SOSIAL ŞƏBƏKƏLƏR'DƏ |
|
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mutləqdir. Created by MiF Studio © 2008-2014 |